Amerika faciəsi: İsrail səfirliyinin iki əməkdaşı öldürüldü | VİDEO

 Amerika faciəsi:  İsrail səfirliyinin iki əməkdaşı öldürüldü  | VİDEO
  22 May 2025    Oxunub:920
İsrailin Xarici İşlər nazirliyi Vaşinqtonda öldürülən İsrail səfirliyinin əməkdaşlarının adlarını açıqlayıb. Bunlar Yaron Lisinski və Sara Milqrimdir.
AzVision.az İsrail mediasına və diplomatik mənbələrə istinadən xəbər verir ki, Amerika vətəndaşı Sara Milqrim İsrail səfirliyinin işləyirdi, Yaron Lisinski isə İsrail səfirliyinin ştatda olan əməkdaşı idi.

Mayın 21-də Amerika Yəhudi Komitəsinin (AJC) təşkil etdiyi tədbirdən sonra bir nəfər israilli diplomatı və onun yoldaşını Yəhudi Muzeyindən çıxarkən güllələyib. Polis terror aktında şübhəli bilinən şəxsi saxlayıb. Bu, Çikaqodan olan Fələstin tərəfdarı 30 yaşlı Elias Rodriqesdir.


Saxlanıldıqdan sonra Rodriqes “Fələstinə azadlıq!” şüarı səsləndirib və “bunu Qəzza üçün etdiyini” bildirib. “CNN” telekanalının yaydığı xəbərə görə, saxlanılan şəxs hadisədən əvvəl polisə məlum olmayıb. Polis Riodriqesin indiyədək onun nəzarətinə düşmədiyini bildirib.

“Rodriqes Yəhudi Muzeyinin ətrafında gəzib, sonra dörd nəfərlik qrupa yaxınlaşıb, silahını çıxararaq bir kişi və bir qadına atəş açıb. Daha sonra muzey binasına daxil olub və təhlükəsizlik əməkdaşları tərəfindən həbs edilib. Şübhəli şəxs silahı hara atdığını göstərib və həmin silah tapılıb”, - Vaşinqton polisinin rəhbəri Pamela Smit ilkin istintaqın müəyyənləşdirdiyi faktları açıqlayıb.

Hücum adətən çoxlu polisin olduğu ərazidə baş verib: yaxınlıqda Federal Təhlükəsizlik Bürosunun (FTB), ABŞ Baş Prokurorluğunun və Kolumbiya dairəsinin Polis departamentinin ofisləri yerləşir. Bundan əlavə, tədbirin mühafizəsi üçün polis əməkdaşları da gətirilmişdi. Hadisə ilə bağlı araşdırmaya FTB cəlb olunub.

- Kolumbiya dairəsində antisemitizmin motivasiya etdiyi bu dəhşətli qətllər indi də dayandırılmalıdır”, - ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon hadisəni “antisemit terrorizmin iyrənc hərəkəti” adlandırıb.

İsrail prezidenti İshaq Hersoq baş verənləri “antisemit xarakterli iyrənc terror aktı” adlandıraraq, ölkəsinin ABŞ-dakı yəhudi icmasını dəstəklədiyini bəyan edib: “Amerika və İsrail xalqlarımızın və ortaq dəyərlərimizin müdafiəsində həmişə çiyin-çiyinə olacaqlar. Terrorun və nifrətin bizi sındırmasına imkan verməyəcəyik”.
İsrail müttəfiqlərinin dəstəyini itirir

Bunun üçün praktik addımlar da atılır: İsrailin ABŞ-dəki səfiri Yehiel Leiterlə danışan İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtonda törədilən terror aktından sonra ölkənin diplomatik missiyalarında, o cümlədən onların dünya üzrə nümayəndələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə aidiyyəti qurumlara müfaviq göstərişlər verib.

Netanyahu ilə əlaqə saxlayan ABŞ-nin baş prokuroru Pem Bondi onu faicənin təfərrüatları barədə məlumatlandırıb.

Qeyd edək ki, böyük rezonans doğuran qətl hadisəsi ABŞ-də Qəzza zolağının sakinlərinə dəstək nümayişlərində iştirak edən miqrantlar üçün vizaların ləğvi kampaniyası fonunda baş verib.

Eyni zamanda, İsrailin Qəzza zolağında yeni irimiqyaslı hücumu son günlər xeyli fələstinlinin ölümünə səbəb olur. Binyamin Netanyahu bildirib ki, İsrail eksklavın bütün ərazisi üzərində hərbi nəzarət qurmaq niyyətindədir.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İsrail   ABŞ   səfirlik  





Xəbər lenti